RAID 0 haqqında ümumi anlayış

RAID (Redundant Array of Independent Disks) yaddaş qurğuları haqqında öncəki məqalələrimizdən birində ümumi məlumat vermişdik. Bildiyimiz kimi, RAID yaddaş qurğuları da performans, həcm, nüsxələmə və s. parametrlərinə və xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Ən geniş yayılmış RAID növləri aşağıdakılardır:

  • RAID 0
  • RAID 1
  • RAID 5
  • RAID 6
  • RAID 10
  • RAID 50 və RAID 60
  • RAID Z

Bu məqaləmizdə bəhs edəcəyimiz RAID 0, verilənlərin saxlanmasında performans artırmaq məqsədilə diskləri birləşdirən bir RAID (Redundant Array of Independent Disks) səviyyəsidir. Əsas məqsədi yüksək sürətlə məlumat yazmaq və oxumaq olan RAID 0, verilənləri bir neçə disk arasında bölərək (data striping) işləyir. Bu, məlumatların bir neçə diskə paralel şəkildə yazılması və oxunması deməkdir ki, bu da sistemin ümumi performansını artırır. Bununla belə, məlumatlar nüsxələnərək deyil, yalnız hissələrə bölünərək yazıldığı üçün, RAID 0 məlumat itkisi və təhlükəsizlik mövzusunda heç bir qorunma təmin etməməkdədir. Aşağıda RAID 0-ın xüsusiyyətlərini, üstünlüklərini, zəif tərəflərini və istifadə sahələrini ətraflı şəkildə izah edəcəyik.

RAID 0 necə işləyir?

RAID 0, məlumatların stripping(Zolaqlama)  üsulu ilə disklərə bölüşdürülməsi prinsipi ilə işləyir. Stripping, məlumatların bir neçə diskin üzərinə bərabər bölünərək yazılması prosesidir. Məsələn, bir fayl yazıldıqda, həmin fayl kiçik hissələrə bölünür və hər hissə RAID 0 konfiqurasiyasında olan fərqli disklərə yazılır. Bu proses aşağıdakı kimi işləyir:

  1. Verilənlərin bölünməsi: Fayl kiçik məlumat bloklarına bölünür (striping). Striping bloku (strip size) adlanan bu blok ölçüsü RAID konfiqurasiyasından asılı olaraq müəyyən edilir və çox vaxt 64KB, 128KB və ya daha böyük ölçüdə olur.
  2. Paralel yazma və oxuma: Faylın müxtəlif blokları müxtəlif disklərə yazılır. Məsələn, iki diskli RAID 0 sistemində məlumat blokları növbə ilə hər bir diskə yazılır. Bu, məlumatın bir diskə yazılması və ya oxunması üçün sərf olunan vaxtı azaldır, çünki məlumat bir neçə diskə eyni zamanda yazılır və ya oxunur.

Bu şəkildə, məlumatın bir diskə yazılmağındansa, bir neçə diskə paralel yazılması təmin olunur və bu da sistemin performansını artırır.

RAID 0-ın üstünlükləri

RAID 0 əsasən sürətə və performansa diqqət edilən sistemlər üçün nəzərdə tutulub. Onun üstünlükləri aşağıdakılardır:

  1. Yüksək Sürət və Performans: RAID 0 məlumatın bir neçə disk arasında bölünməsi ilə daha sürətli oxuma və yazma imkanı təmin edir. Disklər paralel işlədiyi üçün məlumatın yazılması və ya oxunması bir diskdən daha sürətli olur.
  2. Saxlanma Həcminin Səmərəli İstifadəsi: RAID 0 konfiqurasiyasına daxil olan bütün disklərin yaddaş sahəsi istifadə olunur. Məsələn, iki ədəd 1TB diski RAID 0 ilə birləşdirirsinizsə, ümumi yaddaş həcmi 2TB olur.
  3. Asan Quraşdırma və İstismar: RAID 0 sadə bir sistemdir və qurulması digər RAID səviyyələrinə nisbətən asandır. RAID 0 konfiqurasiyasını həyata keçirmək üçün xüsusi avadanlıq tələb olunmur və proqram səviyyəsində də qurula bilər.
  4.  Aşağı Məlumat Gecikməsi: RAID 0 məlumat gecikməsini minimuma endirir, çünki məlumatın fərqli disklərdə saxlanması onun daha sürətli çatdırılmasını təmin edir. Bu, xüsusilə böyük faylları tez-tez oxuyub yazmaq ehtiyacı olan proqramlar və tətbiqlər üçün vacibdir.

       RAID 0, məlumat təhlükəsizliyini təmin etmədiyinə görə kritik məlumatların saxlanması üçün uyğun deyil. Əgər RAID 0 istifadə edilirsə, məlumat itkisi riskini azaltmaq üçün bəzi əlavə nüsxələmə tədbirləri görülməlidir.

recovery.az

RAID 0-ın zəif tərəfləri

RAID 0, performans artırmaq üçün istifadə edilsə də, məlumatların təhlükəsizliyi baxımından çatışmazlıqları vardır:

  1. Məlumat Təhlükəsizliyi Təmin Edilmir: RAID 0-da məlumatlar bir neçə diskə bölündüyü üçün disklərin hər hansı biri sıradan çıxdıqda, məlumat tamamilə itir. RAID 0-da ehtiyat məlumat qoruması və ya bərpa üçün mexanizm olmadığından məlumat təhlükəsizliyi zəifdir.
  2. Disk İtkisi Halında Məlumatın Bərpası Mümkün Deyil: RAID 0-da istifadə edilən disklərdən birinin sıradan çıxması vəziyyətində məlumatın tam bərpası mümkün deyil. Verilənlər itirilmiş olur və bərpa edilə bilmir. Bu səbəbdən RAID 0, kritik məlumatların saxlanması üçün uyğun deyil.
  3. Etibarlılığın Aşağı Olması: RAID 0 konfiqurasiyasında disk sayının artırılması ümumi etibarlılığı aşağı salır, çünki hər əlavə disk ümumi sistemin sıradan çıxma ehtimalını artırır. Məsələn, iki ədəd diskə malik bir RAID 0 sistemində hər hansı bir diskin sıradan çıxması ümumi məlumat itkisinə səbəb olacaq.

RAID 0-ın istifadə sahələri

RAID 0 əsasən performansın yüksək prioritet olduğu, lakin məlumat təhlükəsizliyinin çox da əhəmiyyət daşımadığı sahələrdə istifadə edilir. Aşağıda RAID 0-ın uyğun olduğu bəzi tətbiq sahələri verilmişdir:

  1. Video və Foto Redaktə: Video və fotoqrafiya kimi yüksək həcimli verilənlərlə işləyən peşəkarlar üçün RAID 0 ideal seçimdir. Çünki bu sahələrdə məlumatların tez-tez oxunub yazılması tələb olunur və yüksək performans mühüm rol oynayır. Məsələn, yüksək keyfiyyətli video redaktə proqramlarında böyük fayllar sürətlə oxunmalı və yazılmalıdır ki, bu da RAID 0-ın performans üstünlükləri ilə təmin edilir.
  2. Oyun Sistemləri: Oyun kompüterləri və oyun konsollarında yüksək sürətli məlumat oxuma və yazma tələb olunur. RAID 0 istifadə edilərək oyunların və tətbiqlərin daha sürətli açılması təmin edilə bilər. Bununla belə, kritik məlumatlar RAID 0-da saxlanılmamalıdır, çünki məlumat itkisi riski yüksəkdir.
  3. Cache və Temp Fayl Saxlanması: Müvəqqəti məlumatlar və ya cache fayllarının saxlanması üçün RAID 0 konfiqurasiyası istifadə edilə bilər. Çünki bu faylların itirilməsi ciddi bir problem yaratmır və performans burada daha önəmli rol oynayır.
  4. Simulyasiya və Test Mühitləri: Məlumatların təhlükəsizliyi tələb olunmayan simulyasiya və test mühitlərində RAID 0 istifadə edilə bilər. Bu mühitlərdə sistem performansının artırılması vacib olduğundan RAID 0 performans baxımından üstünlük təmin edir.
  5. Məlumat Emalı Tətbiqləri: Böyük məlumat fayllarının tez-tez oxunub yazıldığı məlumat emalı və analitika tətbiqlərində RAID 0 performansı artırır və məlumatların daha sürətli emal edilməsini təmin edir.