Sərt disklər necə işləyir?

Əsl adı ilə desək, HDD (Hard Disk Drive) yəni, Sərt Disk sürücüləri əsasən, kompüterlərdə, daşınabilən musiqi pleyerlərində, video kameralarda, video oyun konsollarında istifadə olunan, məlumatı daxilindəki maqnitli diskdə saxlayan daimi yaddaş növüdür.

Standart sərt disklər (HDD) iki əsas komponentdən ibarətdir:

  • Mexaniki komponent
  • Elektronik komponent

Mexaniki komponent özü də 3 hissədən ibarətdir:

  • Maqnetik yaddaşlı disk – iki tərəfli, aluminium materialdan hazırlanan və iki tərəfi də maqnit qatla örtülən maqnetik diskdir. Məlumat bu diskin içərisində saxlanır. Bu disklər spindle motor adlanan xüsusi hazırlanan motorlar vasitəsilə oxuma yaxud yazma prosesi zamanı daimi olaraq fırladılır. Fırlanma sürəti sərt diskin istehsalçısına, markasına görə fərqlənir və adətən dəqiqədə 5400 – 15000 dövr aralığında olur.
  • Yazma/oxuma başlığı – ikinci bir motor tərəfindən tez-tez sağa-sola hərəkət etdirilərək fırlanan maqnetik diskin hər bir nöqtəsində əməliyyat aparmağa imkan verir. Oxuyucu başlıq maqnetik diskin həm üst hissəsində həm də alt hissəsində yerləşdirilmişdir. Bununla da iki tərəfli maqnetik diskin həm üst həm də alt tərəfinə məlumat yazıb oxumaq mümkündür. Oxuyucu başlıq heç vaxt maqnetik diskə toxunmamalıdır. Hətta, oxuyucu başlıq ilə maqnetik disk arasına keçən hər hansı toz yaxud qırıntı belə aradakı keçiriciliyə səbəb ola, yaxud maqnetik diskdəki məlumatın zədələnməsinə səbəb ola bilər. Buna səbəbdən, sərt disklər heç vaxt ev şəraitində sökülməməli və məlumatların bərpası üçün yalnız peşəkarlara etibar edilməlidir.

Elektronik komponent isə məlumatların itkisiz ötürülməsi, qəbul edilməsi və dəqiq emal edilməsi üçün lazım olan ikinci əsas komponentdir və yalnız ana platadan ibarətdir. Ana plata üzərində isə məlumatların ötürülməsi, saxlanması proseslərini sürətləndirmək üçün bir ədəd siqnal mikroprosessoru və kiçik həcmli keş yaddaş çipi yerləşir.

 Sərt diskləri ev şəraitində sökmək yaxud təmir etməyə çalışmaq, məlumatlarınızı qalıcı olaraq zədələyə və bərpasını qeyri-mümkün edə bilər!

recovery.az

Sərt disklər barədə əsas anlayışlar:

  • Texnologiyaları: Maqnetik saxlanma texnologiyası artıq illərdir ki, daimi yaddaş qurğuları sahəsində öz dominantlığını qoruyub saxlamaqdadır. Maqnetik disklər və optik yaddaş texnologiyaları da (CD/DVD) iri həcmli məlumatların peşəkarcasına saxlanması üçün əlverişli hesab olunur.
  • Fiziki ölçüləri: Son 50 ildə, sərt disklərin yaddaş tutumunda olduğu kimi, fiziki ölçülərində də kəskin kiçilmə meydana gəlmişdir. İlk dəfə 1956-cı ildə IBM şirkəti tərəfindən ərsəyə gətirilən ilk sərt disk komputeri RAMAC (Random Access Method of Accounting and Control) iki ədəd məişət soyuducusu ölçüsündə olsa da, dövrümüzdəki sərt disklərin həcmi 10-15 kvadrat santimetrdən  çox olmur. Əksər noutbuklarda isə sərt disklərin fiziki ölçüləri 6-7 sm qədər olur.
  • İnterfeys: Sərt diskin daxilindəki ana plata ilə maqnetik disk arasında əlaqənin yaranmasına və məlumatların dəqiq emal edilməsinə, sürətli ötürülüb qəbul edilməsinə kömək edir. Bütün sərt disklərin əsas komponenti də adlandırmaq olar. Aşağıdakı interfeys növləri mövcuddur:

    ATA/IDE: 2005-ci ilə qədər bütün komputerlərdə geniş yayılmışdır. Hazırki dövrümüzdə SATA interfeysi ilə əvəzlənmişdir.

    SATA (Serial ATA): 2005-ci ildən bəri, ən geniş yayılmış interfeys növüdür. Başqa növlərdən əsas fərqi yüksək sürətə malik olmasıdır.

    SCSI (Small Computer System Interface): Bu interfeys ilə sərt diski müxtəlif periferiya qurğularına adapter yaxud SCSI kontrolleri ilə qoşmaq mümkündür.İnterfeylər barədə ətraflı məlumat digər bloqlarımızda veriləcəkdir.

Məlumat sərt diskdə necə saxlanılır?

Sərt disklərdə iki əməliyyat prosesi mövcuddur:
yazma prosesi və oxuma prosesi

  • Yazma prosesi zamanı elektrik cərəyanı başlıqdan keçərək, başlığın iki ucu arasında qalan maqnetik diskin müəyyən nöqtələrindəki maqnit sahəsini dəyişir. Bu hadisə, ferromaqnit materiallarda Histerezis qanununa əsaslanır. Maqnit sahəsinin olduğu nöqtə məntiqi 1 kimi, olmadığı nöqtə isə məntiqi 0 kimi dəyərləndirilir. Bu prosesi komputer sürətlə icra edərək saniyədə minlərlə nöqtə üzərində əməliyyat aparır.
  • Oxuma prosesi zamanı isə hadisə əksinə baş verir. Maqnetik disk, oxuyucu başlıqda elektrik cərəyanı yaradaraq əmələ gələn “1” yaxud “0” siqnallarını sərt disk üzərindəki ana plata üzərindən komputerə ötürür.