Yarımkeçirici yaddaş qurğusunda (SSD) faylların bərpa olunması

SSD (Solid-state drives) yəni yarımkeçirici yaddaş qurğusu, sərt disklərlə eyni funksiyada olsa da quruluşca fərqlənir. Sərt disklərdə məlumat maqnetik diskdə saxlandığı halda, yarım keçirici disklərdə isə, adından da göründüyü kimi, məlumat yarımkeçirici material daxilində saxlanılır. Buna görə də, yarımkeçirici yaddaş qurğuları sərt disklərə görə bir çox üstünlüyə malikdir:

  • Uzunömürlü və dözümlü olması – Sərt disklərdən fərqli olaraq, yarımkeçirici qurğuların daxilində hərəkət edən bir detal olmadığı üçün onları qoruyucu qaba yerləşdirməyə yaxud hər hansı zərbədən qorumağa da ehtiyac yoxdur. Hətta aşağı temperaturda belə maksimum performans göstərməkdədirlər.
  • Sürətli olması – Yarımkeçirici yaddaş qurğuları məlumat köçürmələrini sərt disklərdən 100 dəfə daha sürətli həyata keçirir və işə düşməyə çox az vaxt sərf edir.
  • Aşağı güc sərfiyyatı – Daxilində hərəkət edən detal olmadığına görə cərəyan tələbatı çox aşağıdır. Bu da laptop batareyalarının daha gec bitməsinə və enerji sərfiyyatı xərclərinin azalmasına səbəb olur. Hesablamalara görə, yarımkeçirici yaddaş qurğuları istifadəçiləri, öz cihazlarında ümumi yaddaş sisteminə sərf olunan enerjiyə 80% qənaət edirlər.
  • Kiçik ölçüdə olması – Nanotexnologiyanın inkişafı nəticəsində yarımkeçirici materiallarda 1 kvadrat santimetrə düşən tranzistorların sayı ildən ilə artmaqdadır. Bu da öz növbəsində bütün yarımkeçirici materialdan hazırlanan qurğuların ölçülərinin getdikcə daha da kiçilməsinə gətirib çıxarır.
  • Səssiz çalışması – Sərt disklərdə fırlanan disk və oradakı məlumatı daim oxuyan oxuyucu başlıq olduğundan mexaniki hərəkət nəticəsində səs yaranır. Yarımkeçirici material daxilində isə hərəkət edən heç bir komponent olmadığından məlumatı oxuma və yazma prosesləri tam səssiz və yalnız elektrik cərəyanı ilə həyata keçirilir.

Köhnə stolüstü yaxud dizüstü komputerlərinizi sürətləndirmək və fayllarınızı daha uzun ömürlü etmək istəyirsinizsə, ən qısa zamanda komputerinizdəki sərt disk yaddaş qurğusunu yarımkeçirici yaddaş qurğusu ilə əvəzləməyiniz tövsiyyə olunur.

recovery.az

Yarımkeçirici yaddaş qurğuları sərt disklərə nəzərən daha uzun ömürlü olsalar da, uzun müddət istifadədən sonra sıradan çıxmaları mümkündür. Təəssüf ki, yarımkeçirici yaddaş qurğularının sıradan çıxmağını təyin etmək heç də asan deyil. Buna səbəb sərt disklərdə olduğu kimi yüksək temperatura qədər qızma baş verməməsi və mexaniki qurğular olmadığından hər hansı səsin eşidilməməsidir. Bununla belə, bu növ yaddaş qurğuları iş prosesində müəyyən əlamətlər göstərərək ömrünün sonuna yaxınlaşdığını istifadəçiyə bildirir.

Sıradan çıxmış yarımkeçirici yaddaş qurğusunun əlamətləri:

  1. köçürmə əməliyyatları çox yavaş gedir yaxud dayanır
  2. Fayl sistemini yeniləmə sorğusu
  3. Komputer işə düşməkdə çətinlik çəkir və tez-tez “restart” tələb edir

Bu əlamətləri gördükdə, vaxt itirmədən yaddaş qurğusundakı bütün faylları mümkün ən qısa zamanda başqa yeni ehtiyyat yaddaş qurğusuna köçürmək lazımdır. Köçürülmə zamanı kəsilmələr yaxud məlumat itkiləri baş verərsə, peşəkar mühəndislərə müraciət edərək fayllarınızın təhlükəsiz şəkildə yeni yaddaş qurğusuna köçürülməsinə nail ola bilərsiniz.

Bəzən yarımkeçirici yaddaş qurğularının sıradan çıxması güclü fiziki zərbə, yaxud gərginlik sürüşmələri nəticəsində də baş verir. Güclü zərbədən sıradan çıxmağına səbəb qurğunun daxilində məlumatı saxlayan çipin plata üzərinə lehimli olduğu halda, zərbənin təsirindən platanın yaxud həmin çipin zədələnməsi ola bilər. Gərginlik sürüşmələri zamanı isə, normadan artıq qida gərginliyi həmin məlumat çipini zədələyir.

Yarımkeçirici yaddaş qurğusundan məlumatı bərpa etməyi çətinləşdirən bəzi hallar:

Yaddaş qurğusu seçərkən ən əsas nəzərə alınmalı amillərdən biri də, məlumatların asan bərpa oluna bilməsidir. Sərt disklərdən məlumatı bərpa etmək üsullarını yarım keçirici yaddaş qurğularına tətbiq etmək mümkün deyildir yaxud bir qədər daha çətindir. Buna baxmayaraq, faylları bərpa etmək yenə də mümkündür. Əsasən aşağıdakı hallarda yarımkeçirici yaddaş qurğusundan faylları bərpa etmək daha da çətinləşir:

  • Yaddaş çipinin daxili quruluş arxitekturası və məlumat qatlarının sayı bərpa prosesindən əvvəl analiz edildiyi üçün, bu cür xüsusiyyətlərdə hər yeni texnologiya daha da mürəkkəbləşdiyinə görə bərpa prosesi daha çox xərc, zaman və enerji tələb edir.
  • Yoxlama prosesi zamanı məlumatın yerləşdiyi nöqtələrin təyin edilməsi prosesi yüksək dəqiqliklə aparılmadıqda müəyyən nöqtələrdəki məlumatların zədələnməsinə yaxud tamamilə itməsinə səbəb ola bilər. Qurğunun daxili dizaynı da bu dəqiq yoxlama prosesində əsas amillərdəndir.
  • Yaddaş qurğusunda məlumatların şifrələnməsi kiber hücumlara qarşı effektiv yol olsa da, bərpaetmə prosesini çətinləşdirir. Ekspertlər şifrələnmiş məlumatların yenidən yığılmasını eynilə bir “puzzle” kimi təsəvvür edirlər. Buna səbəb, şifrələnmiş faylı bərpa edərkən məlumatın müxtəlif hissələri ayrı-ayrı əldə edilərək bir yerə yığılır. Şifrələnmiş məlumatları əldə etmək üçün xüsusi alətlərdən və üsullardan istifadə olunur. Buna görə də, şifrələnmiş məlumatların bərpa edilməsi üçün mütləq bacarıqlı mütəxəssisə müraciət etmək tövsiyyə olunur.
  • Bəzən bir çox tabletlərdə və smartfonlarda yaddaş çipi plata üzərində lehimlənərək prosessora yaxın yerləşdirilir. Bu halda, yaddaş çipi uzun ömürlü və dözümlü olsa da, uzun müddət sonra sıradan çıxması halında onu əvəzləmək yaxud təmir etmək bir qədər enerji və xərc tələb edir.
  • Dünyada 500-dən çox yarımkeçirici yaddaş qurğuları istehsal edən şirkət mövcuddur. Hər şirkətin isə özünə məxsus sistem və arxitektura dizaynı olduğundan, hər bir qurğu öz daxili quruluşuna əsasən diaqnostika edilməli və bərpa prosesi həyata keçirilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir