USB konnektor növləri

USB yəni Universal Serial Bus protokolu müxtəlif priferiya qurğularını komputerə yaxud telefona qoşmaq üçün istifadə olunur. Mətn, video, səs faylları başda olmaqla, istənilən məlumat növünü bir cihazdan digərinə daşıya bilməkdədir. İki ədəd məlumat pini olmasına baxmayaraq, məlumatların itkisiz və sürətli ötürülməsini təmin edir. Lakin informasiyanın sürətli və iri həcmli paketlərlə ötürülməsi USB protokolunun versiyasından və konnektorunun növündən asılıdır. USB protokolunun versiyaları haqqında növbəti bloqlarda bəhs edəcəyəmiz üçün, gəlin, indi USB konnektor növlərinə ətraflı nəzər yetirək.

Ən çox istifadə olunan USB konnektor növləri aşağıdakılardır:

  • USB-A
  • USB-B
  • USB-C
  • Mini USB
  • Micro USB

Hər bir USB konnektoru növü isə iki yerə bölünür:
USB Male (erkək) və USB Female (dişi)

  • USB Male (erkək) konnektorları bütün USB kabellərin ucunda yerləşir və müəyyən priferiya qurğularındakı USB portuna keçirilərək simli əlaqəni təmin edir.
  • USB Female (dişi) konnektorları bütün komputerlərdə, priferiya qurğularında USB port genişləndirici qurğularda yerləşir. USB Male (erkək) konnektorları isə USB Female (dişi) konnektorlara keçirilərək simli əlaqə təmin olunur.

 Yalnız Type-C USB konnektoru yüksək güc sərfiyyatını ötürmə və dişi konnektoruna əksinə qoşulma qabiliyyətinə malikdir.

recovery.az

USB-A konnektoru yastı və dördkünc quruluşa malikdir. Əsasən, komputerlərdə, mauslarda və oyun konsollarında (Playstation) rast gəlinir. Standart işləmə gərginliyi sabit 5V və tab gətirə bildiyi ən yüksək cərəyan isə 3A-dir. Saniyədə 480 meqabitə qədər məlumat ötürmə sürətinə malikdir. Bu növ konnektorları bir-birinə fərqli şəkildə qoşmaq mümkün deyildir. Çünki, bu konnektorlar bir-birinə yalnız bir formada keçir və digər hallarda isə Male konnektor Female konnektora yerləşə bilmir.

USB-B konnektoru qalın və kvadrat formalı quruluşa malikdir. Əsasən, printerlərdə və PTZ kameralarda rast gəlinir. Standart işləmə gərginliyi sabit 5V və tab gətirə bildiyi ən yüksək cərəyan isə 0.5A-dir. Saniyədə 480 meqabitə qədər məlumat ötürmə sürətinə malikdir. Digər konnektorda olduğu kimi bu növ konnektorları da bir-birinə fərqli şəkildə qoşmaq mümkün deyildir.

USB-C yaxud USB Type-C konnektoru ən müasir USB texnologiyasıdır. Nazik, yastı və ovalşəkilli quruluşu olan bu konnektor Female konnektoruna əks şəkildə qoşulma imkanına da malikdir. Əsasən smartfonlarda, laptoplarda, xarici daimi yaddaş qurğularında (SSD), yüksək sürətli priferiya qurğularında rast gəlinir. PD (Power Delivery) texnologiyasını dəstəklədiyinə görə 5V/9V/15V/20V gərginlik səviyyələrində işləmə qabiliyyətinə malikdir. Saniyədə 80 Gigabit ötürmə sürətinə malik olmasına görə Fast-Charging texnologiyası üçün ən geniş istifadə olunan USB konnektor növüdür. 240W-a qədər güc sərfiyyatı olan qurğulara asanlıqla qoşula bilər. Bu qədər yüksək sürətli məlumat ötürmə qabiliyyətinə malik olduğuna görə görüntü ötürmə prosesi zamanı istifadə olunan USB-C – HDMI çevirici adapterlər üçün də əlverişli konnektor hesab olunur.

Mini USB konnektoru USB-B konnektorunun nisbətən kiçik ölçülü versiyasıdır. Nazik, yastı və kompakt quruluşa malikdir. Digər konnektorlardan fərqli olaraq, daxilində 3-cü məlumat pini – ID pini mövcuddur. Konnektor, bu pin vasitəsilə OTG (On-The-Go) dəstəyi olan cihazlara da qoşula bilər. Əsasən, köhnə mobil telefonlarda və kameralarda rast gəlinir. Standart işləmə gərginliyi sabit 5V və tab gətirə bildiyi ən yüksək cərəyan isə 0.5A-dir. Saniyədə 480 meqabitə qədər məlumat ötürmə sürətinə malikdir. USB-A və USB-B konnektorlarında olduğu kimi bu növ konnektorları da bir-birinə fərqli şəkildə qoşmaq mümkün deyildir.

Micro USB konnektoru Mini USB konnektorunun daha nazik versiyasıdır. Əsasən smartfonlarda, tabletlərdə və başqa daşınabilən cihazlarda rast gəlinir. Daxilində 3-cü məlumat pini – ID pini mövcuddur. Standart işləmə gərginliyi sabit 5V və tab gətirə bildiyi ən yüksək cərəyan isə 0.5A-dir. Saniyədə 480 meqabitə qədər məlumat ötürmə sürətinə malikdir. Digər konnektorlarda olduğu kimi bu növ konnektorları da bir-birinə fərqli şəkildə qoşmaq mümkün deyildir.